Tibbi Ekspertiza Xidməti “EgyptAir” təyyarəsində partlayış olması barədə məlumatları təkzib edib

Misirin Tibbi Ekspertiza Xidmətinin rəhbəri Hişam Abdel Hamid “EgyptAir” təyyarəsinin göyərtəsində partlayış baş verməsinə dair yayılan məlumatları təkzib edib.

APA-nın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin MEHA dövlət agentliyi məlumat yayıb. Xidmət rəhbəri bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Misirin tibbi ekspertlərindən heç biri belə açıqlamalar verməyib”.

İstintaq komitəsinin Fransadan olan üzvü də mediada gedən məlumatları təkzib edib. O, “Sputnik”ə açıqlamasında təyyarənin göyərtəsində partlayışa dair hər hansı əlamətin olmadığını deyib, "qara qutu"nun aşkarlanmasının vacibliyinə diqqət çəkib.

Qeyd edək ki, bundan əvvəl istintaq qrupunun tərkibinə daxil olan ekspertlərdən biri cəsəd qalıqlarının müayinəsi nəticəsində “EgyptAir”in göyərtəsində partlayış ehtimalının olduğunu bildirmişdi.

***


Qəzaya uğrayan “EgyptAir” aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin göyərtəsindəki insan qalıqlarının analizi təyyarədə partlayış baş verdiyini göstərir.

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ekspert-kriminalistlər bildirib.

Bununla yanaşı, partlayıcı qurğu ilə əlaqəli maddələr aşkarlanmayıb. İstintaq qrupunun tərkibinə daxil olan və şəxsən qalıqların analizində iştirak etmiş ekspertlərdən biri deyib ki, Qahirəyə 80 cəsəd parçası göndərilib: “Parçalar o qədər kiçikdir ki, hətta onların içində bütöv bədən üzvləri, məsələn baş və ya əllər yoxdur”.

Qeyd edək ki, Parisdən Qahirəyə uçan “EgyptAir” hava şirkətinə məxsus sərnişin təyyarəsi Aralıq dənizi üzərində olarkən radarlardan itib. Onun göyərtəsində 56 sərnişin və 10 heyət üzvü olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri