Bakı-Şamaxı-Yevlax yolunda təmirə başlanıb

Mayın 23-dən səhər saatlarından etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Ağsu aşırımı”nda aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. APA-nın xəbərinə görə, avtomobillərin rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsinin, yəni “Ağsu aşırımı”nın təmiri işlərinə start verilib.


“Azəravtoyol” ASC-nin baş mühəndisi Eyyub Məcidov APA-ya bildirib ki, təmir işləri zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır. Bunun əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Bu işlərə paralel olaraq yol boyu çiyinlərin bərkidilməsi işləri də aparılır. Təmir işləri səbəbi ilə qısa müddət ərzində 14 kilometr uzunluğu olan “Ağsu dolayları” ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

“Ağsu aşırımı”nda nəqliyyatın hərəkətində məhdudlaşdırmanın tətbiqi müddəti ərzində sürücülərdən alternativ olaraq Şamax-Muğanlı-İsmayıllı və Bakı-Ələt-Qazax avtomobil yollarından istifadə etməkləri tövsiyyə olunur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri