“Bank Standard”a müvəqqəti inzibatçı təyin edilib

“Bank Standard”a müvəqqəti inzibatçı təyin edilib Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"a müvəqqəti inzibatçı təyin edib. Trend-in məlumatına görə, bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün mətbuat konfransında deyib.

O bildirib ki, Palatanın Direktorlar Şurası ötən gün mayın 3-dən "Bank Standard"a müvəqqəti inzibatçı təyin edilməsi ilə bağlı qərar qəbul edib: "Bu, bankın likvidliyinin və kapital mövqeyinin pisləşməsi ilə əlaqədardır".

R.Aslanlı qeyd edib ki, səhmdarlar bankın problemlərini həll etmək vəziyyətində deyillər: "Müvəqqəti inzibatçılıq 3 ay davam edəcək. Bankın sistem əhəmiyyətini nəzərə alaraq o, sağlamlaşdırılacaq və bunun üçün Palata müvafiq proqram hazırlayır".

O əlavə edib ki, problemlərin həll edilməsi üçün bankda maliyyə vəsaitləri ayrılıb: "Cari öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan Mərkəzi Bankı öz şərtləri əsasında banka 15 milyon manat ayırıb. Bunun belə, əmanətlər üzrə ödənişlər 1 ay müddətinə dayandırılacaq. Dövlət dəstəyinin tam həcmi müəyyən edildikdən sonra əmanətçilər depozitlərindən istifadə edə biləcəklər. Moratoriya bank əməkdaşlarına və bankın müştəriləri olan şirkət işçilərinə şamil edilmir. Banka ayrılan maliyyə dəstəyin hesabına əmək haqlarının ödənişinə artıq başlanılıb".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri