"Bakı Marafonu 2016" qaliblərinin mükafatlandırma mərasimi keçirilib

"Bakı Marafonu 2016" qaliblərinin mükafatlandırma mərasimi keçirilib Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilmiş "Bakı Marafonu 2016" qaliblərinin mükafatlandırma mərasimi olub.

Bakı Marafonu 2016-da kişilər arasında finiş xəttini birinci həmyerlimiz Namiq Əsədov keçib. İkinci yeri Gürcüstan təmsilçisi Georgi Dameniya, üçüncü yeri isə Tural Sadıxlı tutub.

Qadınlar arasında isə finiş xəttini birinci Rahidə Aslanova keçib. İkinci yeri Bakıda yaşayan Böyük Britaniya vətəndaşı Nataşa Peterson, üçüncü yeri isə Rəqsanə Rəcəbli tutub.

1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN mükafata sahib olub.

Xeyriyyə məqsədi daşıyan tədbirə ümumilikdə 7000-dən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub.

Yarışçılar arasında müxtəlif yaşda olanlar var. Marafonda qeydiyyatdan keçənlər arasında ən kiçiyi 16, ən böyüyü isə 62 yaşında olub.

Marafon Dövlət Bayrağı Meydanından saat 10:00-da start götürüb.

Yarışın başlandığını elan edən atəşi Olimpiya çempionu, stend atıcılığı üzrə dünya çempionu Zemfira Meftahətdinova açıb. Yarış marafon məsafəsinin - 21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirmək, həmrəylik nümayiş etdirməkdir.

Xeyriyyə marafonundan toplanmış ümumi vəsait isə Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri