Dövlət Agentliyi: İcbari tibbi sığortaya görə fərqli gəlirli insanlar üçün fərqli faizlər ola bilər

"Düşünürük ki, Azərbaycanda ilkin mərhələdə icbari tibbi sığortaya görə əmək haqlarından ödəniş üçün çox kiçik faiz tətbiq edək. Bu, hətta simvolik, çox cüzi faiz də ola bilər".

Bunu Trend-ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Onun sözlərinə görə, aşağı faiz tətbiq etməklə sistemi sınaqdan keçirəcəklər: "Məsələn, müəyyən olacaq ki, daxilolmalar hansı şəkildə idarə ediləcək, həmin vəsait xəstəxanalara necə yönəldiləcək və s. Zərurət yarandıqca, faiz dərəcəsini tədricən artırmaq da olar".

Z.Əliyev əlavə edib ki, vətəndaş ilk növbədə hansı faiz dərəcəsinin tətbiq olunmasından asılı olmayaraq, icbari tibbi sığorta sisteminin onun mənafeyini qoruyacağına, bundan çox xeyir görəcəyinə inanmalıdır: "Hazırda vətəndaşların ödəmə qabiliyyəti ilə bağlı araşdırma aparırıq. İcbari tibbi sığorta haqqı üçün əmək haqqından tutulmaların faiz dərəcəsini hesablamalar başa çatdıqdan sonra açıqlayacağıq. Onu da deyim ki, Avropa ölkələrində icbari tibbi sığorta haqqı olaraq əmək haqlarından 10-15 faiz civarında, hətta ondan da yüksək tutulmalar olur. Amma biz yüksək faiz dərəcəsi tətbiq etmək istəmirik. Çünki bu, bizim əhalimiz üçün yük ola bilər".

Aşağı və yüksək maaş alanlar üçün fərqli faizlərin tətbiq edilə bilməsinin mümkünlüyünə gəldikdə, Z.Əliyev deyib ki, adətən sığorta ödənişləri insanların gəlirinə və ödəmə qabiliyyətinə uyğun müəyyən edilir: "Belə ki, gəlirin müəyyən faizi həcmində sığorta ödənişləri edilir və bu faiz əksər insanlar üçün eyni olur. Lakin insanların gəlirlərinin kəskin fərqləndiyi hallarda ən aşağı və ən yuxarı gəlirli insanlar üçün fərqli faizlər tətbiq edilə bilər. Yüksək məbləğdə gəlir əldə edən insanlara gəldikdə, onlara çox yük düşməməsi üçün müəyyən yuxarı ödəniş həddi müəyyən ediləcək".

Z.Əliyev işçilərin əmək haqqından tutulan vəsaitin hansı qurum tərəfindən toplanılacağına da aydınlıq gətirib.

Agenliyin direktorunun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əmək haqqından tutulmalar edir: "Bizdə də bənzər sistem olmalıdır. Biz hazırda ƏƏSMN ilə danışıqlar aparırıq. Əgər nazirliyin mövcud sistemindən istifadə edə biləriksə, yeni sistemin qurulmasına bəlkə də ehtiyac olmayacaq. Sistemin texniki tərəflərini təhlil edirik".
Şərhlər
Sosial bölməsinin xəbərləri