Azərbaycanda çörəyin keyfiyyətinə dövlət nəzarətini həyata keçirəcək orqan müəyyənləşdirilib

Azərbaycanda çörəyin keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirəcək orqan müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 29 aprel 2016-cı il tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də əksini tapıb. Əsasnaməyə əsasən, bu sahədə səlahiyyət İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.

İndiyə qədər qüvvədə olan Əsasnaməyə əsasən, bu qurumun yalnız taxılçılıq fəaliyyəti subyektləri tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq, bu məqsədlə monitorinq, araşdırma və ekspertizalar keçirmək, bu işlərin nəticələri üzrə qanunvericiliyə uyğun qərarlar qəbul etmək, icrası məcburi olan göstərişlər vermək və qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görmək hüququ olub. Yeni Əsasnaməyə əsasən isə bundan sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin vəzifələri sırasına taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə taxıl haqqında qanunvericiliyə uyğun qaydada dövlət nəzarətini həyata keçirmək, bu məqsədlə monitorinq, araşdırma və ekspertizalar keçirmək, taxıl məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin akkreditasiya olunmuş laboratoriyalarda vahid metodika əsasında qiymətləndirilməsini təmin etmək, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün göstərişlər vermək və qanunla nəzərdə tutulmuş digər tədbirlər görmək daxildir. Bu qurum nazirliyin tabeliyindəki hüquqi şəxs vasitəsilə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar keçirəcək və belə ekspertizaların nəticələrinə uyğun olaraq, malın mənşə ölkəsini təsdiq edən sertifikat verəcək. Bu vəzifələrə müvafiq olaraq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə antiinhisar (rəqabət), istehlakçıların hüquqlarının müdafiəsi və taxıl haqqında qanunvericiliyə dövlət nəzarətini həyata keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərin satış, xidmət və saxlama sahələrinə, o cümlədən antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması hallarının qarşısını almaq məqsədi ilə istehsal sahələrinə qanuna uyğun qaydada daxil olmaq, nəzarət sahəsinə aid məlumat və sənədləri almaq, satılan və ya satılması nəzərdə tutulan istehlak mallarının müayinəsini həyata keçirmək hüququ verilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri