Azərbaycanda borclu vətəndaşların ölkədən çıxmasına qadağanın qoyulması qaydaları dəqiqləşdirilib

Azərbaycan Ədliyyə Nazirliyi «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat»ı təsdiqləyib.


APA-nin məlumatına görə, bu təlimat məhkəmə qərarları əsasında verilmiş icra sənədləri üzrə borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qaydaları müəyyən edir.



Təlimata əsasən, borclu vətəndaş məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Bu barədə qərarı icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qəbul edir.



Təlimata əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir. Bundan sonra, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəbləri müəyyənləşdirilir. Digər tərəfdən, icra məmuru borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamalıdır.



Əgər tərəflər (borclu və borcun qaytarılmalı olduğu şəxs) icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsul və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət edirsə, icra sənədi üzrə tələb borclunun əmlakına yönəldilirsə və bir sıra digər hallarda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməməlidir.



İcra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verdikdə bu barədə borcluya və tələbkara sifarişli poçt göndərişi ilə məlumat göndərir.



Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı icra qurumuna daxil olduqdan sonra icra məmuru bu barədə dərhal borcluya və tələbkara məlumat verir, habelə «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilməsi üçün addımlar atır.



Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra, habelə bir sıra hallarda icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin hallara tələbkarın tələbdən imtina etməsi, tələbkar ilə borclu arasında barışıq sazişinin olması, tələbkarın ölməsi, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə (əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə), icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarının ləğv edilməsi və s. hallar aiddir.



Təlimatda maraqlı məqamlardan biri də odur ki, borclunun ölkədən getməsinə məhdudiyyətin aradan qalxmasına zərurətin olmadığını təsdiq edən sənəd icra məmuruna təqdim edilərkən növbəti gün qeyri-iş günü olduqda, icra məmuru məhdudlaşdırmanın götürülməsi barədə dərhal qərar qəbul edir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri