Akademik Cəlal Əliyevlə vida mərasimi başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının “Dairəvi zalı”nda akademik Cəlal Əliyevlə vida mərasimi keçirilib.



APA-nın məlumatına görə, mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri iştirak ediblər.

Mərasimdə çıxış edən AMEa prezidenti Akif Əlizadə deyib ki, C. Əliyev bütün ömrünü elmə həsr edib, Azərbaycanın görkəmli bioloq alimlərindən biri olub.



Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, C. Əliyev 62 il AMEA Biologiya və tibb elmlər bölməsində çalışıb, uzun illər bu bölməyə rəhbərlik edib: “Akademik Cəlal Əliyev 1990-cı ildə AMEA-nın bağlanmasına çalışanların qarşısında dayanıb, institutlarının, mülkiyyətinin qorunmasında böyük əmək ortaya qoyub. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə AMEA-nın üzərindəki qara buludlar dağılıb”.

AMEA-nın müxbir üzvü Validə Əlizadə, akademik Böyükkişi Ağayev, C. Əliyevin tələbəsi olmuş AMEA-nın müxbir üzvü İbrahim Əzizov C. Əliyevlə bağlı xatirələrini, ürək sözlərini dilə gətiriblər.

Qeyd edək ki, akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra bu gün 88 yaşında vəfat edib. C. Əliyev I Fəxri xiyabanda dəfn olunacaq.
Şərhlər
Siyasət bölməsinin xəbərləri