Azərbaycanda şəkər xəstəliyinə yaşı 40-dan çox olanlar arasında daha çox rast gəlinir

Azərbaycanda şəkər xəstəliyinə yaşı 40-dan çox olanlar arasında daha çox rast gəlinirAzərbaycanda rəsmi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 210 min nəfərə çatıb. Onların 90 faizi ikinci tip, yəni insulindən asılı olmayan xəstələrdir.

Bunu Trend-ə Azərbaycanın baş endokrinoloqu Rafiq Məmmədhəsənov deyib.

2014-cü ildə rəsmi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayının 194 520 nəfər olduğunu xatırladan baş mütəxəssis belə xəstələrin sayının nəinki Azərbaycanda, bütün dünyada artdığını deyib: “Şəkərli diabet xəstələrinin sayı üzrə ən çox artım ABŞ-da müşahidə edilir. Çünki orada kök insanların sayı həddindən artıq çoxdur. Amma bizdə müsbət cəhət odur ki, Azərbaycanda şəkərli diabet xəstələri üçün xüsusi dövlət proqramı həyata keçirilir. Bu xəstələrin hamısı həmin proqrama uyğun olaraq, dərmanlarla, qanda şəkəri ölçən aparatlarla pulsuz təmin olunurlar”.

R.Məmmədhəsənov qeyd edib ki, Azərbaycanda şəkərli diabet xəstələrinə daha çox yaşı 40-dan çox olan insanlar arasında rast gəlinir: "Belə insanlarda ikinci tip şəkərli diabet xəstəliyi müşahidə edilir. Birinci tip şəkər xəstəliyi uşaqlarda, cavanlarda olur. Azərbaycanda bu xəstəlik nisbətən azdır. Amma ümumilikdə, dünyada 2-ci tip şəkərli diabet xəstələrinin sayında artım var”.

R.Məmmədhəsənov əlavə edib ki, dünyada insulindən asılı olan hər 100 şəkərli diabet xəstəsinin təqribən 10-15 nəfəri insulundən asılı olur: “İnsulindən asılı olan 1-ci tip xəstələr insulinlə müalicə olunmalıdırlar. İnsulindən asılı olmayan, yəni ikinci tip diabet xəstələr isə pəhriz və həblərlə müalicə olunurlar. Amma Azərbaycanda xəstələr bəzən həkimlərin təyin etdiyi pəhrizə riayət etmirlər, sonra isə dərmanların təsirsiz olduqlarından şikayət edirlər”.

R.Məmmədhəsənov deyib ki, Azərbaycanda şəkərli diabet xəstəliyinin uşaq və gənclər arasında yayılması halları nisbətən azdır. Onun sözlərinə görə, Azərbaycanda şəkərli diabet xəstəliyi diaqnozu ilə qeydiyyata götürülən uşaqların (yaşı 18-dək olanlar) sayı 1500-ə yaxındır. Onların arasında yaşı 14-dən çox olan uşaqlar üstünlük təşkil edir.

R.Məmmədhəsənov Azərbaycanda şəkəli diabet xəstəliyindən əziyyət çəkən uşaqların sayında artımın müşahidə edilmədiyini, bu göstəricinin 2015-ci ildə də əvvəlki illər üzrə olan həddə qaldığını da bildirib.

Baş mütəxəssisin sözlərinə görə, uşaqlarda anadangəlmə şəkərli diabet xəstəliyi olmur. Lakin uşağın ata-anasında diabet olursa, onda uşaq bu xəstəliyə meyilli olur: “Müəyyən şərait yarandıqda, məsələn, uşaqda stress baş verdikdə onda şəkərli diabet xəstəliyi yarana bilər. Ata-ana diabetdirsə, onlar bilməlidirlər ki, gələcəkdə doğulan uşağa bu genlər ötürülə bilər. İndi nikaha daxil olanlar müayinə edilirlər. Onlara bu fəsadlar izah edilir”.

Baş mütəxəssis qeyd edib ki, şəkərli diabet xəstəliyinin fəsadları olsa da, ona qarşı müalicə aparıldıqda insanın ömrünü uzatmaq mümkün olur: “Xəstələr indi keyfiyyətli dərmanlarla təmin edildiyinə görə, bu fəsadlara əvvəlki illərə nisbətən daha az rast gəlinir. Əvvəllər insulinlər tapılmırdı. Sovet dövründə xəstələrə verilən insulinlər heyvanlardan - öküzlərdən, donuzlardan alınan insulinlər idi. Onlar öz tərkiblərinə görə insan insulinlərdən çox fərqlənirdi. İndi verilən insulinlərin hamısı insan insulinlərinin analoqlarıdır. Ona görə də insanlarda şəkərli diabetdən yaranan fəsadlar əvvəlki illərlə nisbətən çox azdır”.
Şərhlər
Sosial bölməsinin xəbərləri