Dünyanın ən məşhur ulduzlarının meneceri Marsel Avram Bakıya gəlir

Dünyaca məşhur menecer-prodüser Marsel Avram ilk dəfə olaraq Bakının qonağı olacaq. Marsel Avramın Bakıya səfərinin məqsədi dünya ulduzlarının Azərbaycanda konsertlərinin və beynəlxalq tipli layihələrin həyata keçirilməsidir. Bu barədə APA-ya Marsel Avramın Bakıya səfərinin təşkilatçılıq işlərini həyata keçirən "Səs Organization"un rəhbəri Nahid Emiloğlu məlumat verib. O bildirib ki, səfər müddətində şəxsən Marsel Avramın iştirakı ilə bir sıra görüşlər keçiriləcək, eyni zamanda yaxın gələcək üçün nəzərdə tutulan dünya şöhrətli müğənni Beyonsun Bakıda konsertinin təşkili ilə bağlı son yeniliklər ətrafında danışılacaq.



40 illik fəaliyyəti ərzində Marsel Avram özünü beynəlxalq konsert biznesində dünyanın ən qabaqcıl insan kimi təqdim etməyə müvəffəq olub. Dünyanın ən məşhur şou-biznes ulduzlarının hamısı Marsel Avramla layihələr həyata keçirib. Bir çox ulduzların uğurlu karyera qazanmasında Marsel Avramın böyük rolu olub.



Marsel Avramın birgə çalışdığı dünya ulduzları sırasında Maykl Cekson, Pink Floyd, U2, Rolling Stones, Madonna, Rod Stewart, Prince, Bon Covi, Selin Dion, Elton Con, Tina Turner, The Who, Deep Purple və Ozzi Ozborn var.



Eyni zamanda Frenk Sinatra, Semmi Devis kiçik, Barbra Streisand, Tom Cons və Layza Minelli kimi müğənnilər, Plasido Domingo və Xose Karreras kimi klassik ulduzlar, Neil Daymond, Laynel Riçi, Adriano Çelentano və Eros Ramazzotti kimi ifaçılar öz konsert proqramları və turlarını ona etibar ediblər.



Bakıda olduğu müddətdə Marsel Avramın iştirakı ilə martın 5-də 15:00-da "Four Seasons Hotel Baku"da saat yerli mətbuat nümayəndələri üçün mətbuat konfransının təşkili də nəzərdə tutulur. Konfransda dünyaya səs salan musiqiçilərin məşhurlaşmasında müstəsna xidmətləri olan Marsel Avram jurnalistlərin suallarını cavablandıracaq. Mətbuat konfransında həmçinin Beyonsun Bakı konserti ilə bağlı da son məlumatlar ilk dəfə olaraq jurnalistlər qarşısında açıqlanacaq.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53