Gəncədə əməliyyat: 6 nəfər saxlanıldı

Hüquq-mühafizə orqanları Gəncədə xüsusi əməliyyat keçiriblər.

ANS PRESS-in məlumatına görə, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Əməliyyat zamanı Gəncə şəhərində “Müsəlman birliyi” hərəkatına dəstək verən 6 nəfər saxlanılıb. Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı oradan 1 avtomat, 1 tüfəng, 12 qumbara, çoxlu sayda döyüş sursatı, dini ədəbiyyat və s. aşkar edilib götürülüb.

Bu Gəncədə həftə ərzində keçirilən ilk əməliyyat deyil. Noyabrın 26-da Gəncə şəhər sakini Ruzi İsmayılov Nardaran hadisələri ilə əlaqədar “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək məqsədi ilə Şah Abbas məscidinin qarşısına gəlib.

Bununla əlaqədar R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib.

R. İsmayılov tutulub və ondan 1 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbaraları və 14 qram heroin götürülüb.

Oxşar əməl törədən daha bir şəxs saxlanılıb. Noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində “Müsəlman biriliyi” adlı hərəkata dəstək məqsədi ilə çağırışlar etdiyi üçün Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Ondan “TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri