Sürücü avtobusu saxlamadı, sərnişin onu döydü

Dünən “Bakubus” MMC-nin 5 nömrəli xətti ilə hərəkət edən avtobusun sürücüsünü sərnişin döyüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Mətbuat katibi bildirib ki, döyülən sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb: “Dünən “İçərişəhər" stansiyasına çatmamış Şeyx Şamil küçəsində bir qadın işıqforda avtobusa minməyə cəhd edib. Sürücü qapıları açmadığı təqdirdə arxadakı bir sərnişin təhqirəmiz ifadələrlə qapıların açılmağını tələb edib. Tələbi reallaşmadığı təqdirdə o, sürücünün üstünə gedib. Bu zaman növbə dəyişmək üçün sürücünün yanında olan Oqtay Novruzov adlı digər sürücü mübahisənin qəzaya yol aça biləcəyindən ehtiyat edərək sərnişinə şirkət tərəfindən qoyulan qaydaları izah etməyə çalışıb. Bu zaman sərnişin O. Novruzovu döyməyə başlayıb və avtobusda mülki geyimdə olan polis əməkdaşı hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb. Hadisəyə səbəb olan sərnişin polis bölməsinə aparılıb, sürücü isə xəstəxanadadır”.

Axşam xəstəxanada olduqlarını bildirən N. Allahyarova sürücünün bu gün əməliyyat olunacağını bildirib: “Biz sürücü ilə görüşdük, nə qədər ağır xəsarət alsa da, sərnişin barədə bir kəlmə də pis söz demədi. Bu gün əməliyyat olunacaq. Bizə bildirdi ki, müdaxilə etməsəydi qəza halı baş verəcəkdi və avtobusda xeyli sayda qadın və uşaq var idi. Sərnişinlər bilməlidir ki, “Bakubus” şirkətinin avtobuslara qoyduğu tələblərdən biri də dayanacaqlardan kənar heç bir sərnişinin saxlama tələbini yerinə yetirməməkdir. Bununla bağlı sürücülərə xüsusi tapşırılır və sürücülər və avtobusun salonunda baş verən bütün hadisələr kameralarla izlənilir”.



N. Allahyarova son olaraq onu da qeyd edib ki, sürücü Oqtay Novruzov bir neçə dəfə kameralara müsbət əməlləri ilə düşüb: “Biz bir neçə həftə əvvəl kamera görüntülərinə baxan zaman gördük ki, Oqtay pandusu açmaqla qalmır, özü avtobusdan düşərək fiziki məhdudiyyətli sərnişinlərə minmək üçün kömək edir. Bu gün isə o, qaydalara əməl etdiyi üçün döyülüb. Əziz sərnişinlər, siz qayda istədiniz, biz o qaydaları tətbiq edirik. Siz mədəni və humanist sürücü istədiniz, biz sürücülərimizlə hər həftə təlim keçirik. Siz nə istədinizsə, biz etdik. Bizim istəyimiz isə sadəcə qaydalara riayət etməyi tələb edərkən öz öhdəliyinizi də unutmamağınızdır”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri