Azərbaycanda könüllü tibbi sığorta bazarının narazılıq doğuran məqamları

Azərbaycanda hələ icbari tibbi sığorta tətbiq edilmədiyindən insanlar könüllü şəkildə tibbi sığortaya cəlb edilirlər. Lakin məsələ ondadır ki, bu gün Azərbaycanda ayrı-ayrı şəxslər fərd olaraq könüllü tibbi sığorta olunmağa maraq göstərirlər. Tibbi sığorta edilənlər, əsasən, böyük şirkətlərdə çalışan işçilər olurlar ki, onlar da bu sığortaya qrup şəklində cəlb edilirlər.

Qeyd edək ki, bu gün sığorta şirkətləri paketləri müxtəlif limitlərlə təqdim edir. Narazılıq doğuran məqamlar yüksək sığorta məbləği ilə təklif edilən paketə az sayda və ucuz başa gələn xidmətlərin daxil edilməsidir.

Məsələn, sığorta şirkətlərinin birinin təqdim etdiyi ən aşağı limitli – 20 min manatlıq bir illik tibbi sığorta paketinə (bir nəfər üçün) stasionar şəraitdə göstərilən tibbi xidmətlər kimi təcili hospitalizasiya, həkim müalicəsi, təcili cərrahiyyə əməliyyatları (əməliyyatın aparılması üçün anesteziyanın həyata keçirilməsi şərt olsa da, paketlərdə anesteziya ayrıca bənd kimi daxil edilir), ikinəfərlik palata ilə təminat, diaqnostik və laborator tədqiqatların aparılması, cərrahiyyə əməliyyatından sonrakı qulluq və reabilitasiya daxil edilir.

Ambulator poliklinika yardımı kimi tibbi xidmətlərə isə həkim baxışı, diaqnostika, ambulator cərrahiyyə, müalicə üçün zəruri prosedurların icrası, mütəxəssislərin evə və ya ofisə çağırışı, endoskopik müayinə, telefon vasitəsilə məsləhətlər daxildir. Paketdə pasiyentə təklif edilən stomatoloji yardıma stomatoloqun müayinəsi, diaqnostika tədqiqatları, plomblama, dişlərin çəkilməsi, diş daşlarının təmizlənməsi (ildə bir dəfə) kimi xidmətlər daxil edilsə də, daha çox xərc tələb edən iş, məsələn, yeni dişlərin salınması daxil edilmir. Paketə daxil edilən digər xidmətlər də, demək olar, ucuz başa gələn xidmətlərdir.

Zəncirvari icazə proseduru

Pasiyentlər könüllü icbari sığorta xidmətlərinin icrası ilə bağlı da müəyyən narazılıqlar edirlər.

Pasiyentlərin Trend-ə verdiyi məlumata görə, bəzən pasiyent bir həkim müayinəsindən keçdikdən sonra onun həmin an növbəti tibbi prosedurdan keçməsinə ehtiyac yaranır. Məsələn, UZİ müayinəsindən sonra həkim xəstəyə rentgen müayinəsindən də keçməyin lazım olduğunu bildirsə də, pasiyent bunu dərhal edə bilmir. Çünki bəzi sığorta şirkətlərinin qoyduğu tələbə uyğun olaraq, tibbi müəssisələr pasiyentə bir mərhələdən sonra tələb olunan digər mərhələ üzrə tibbi xidmətləri göstərməkdən ötrü bu barədə sığorta şirkətini məlumatlandırmalı və növbəti mərhələyə keçidin zəruriliyini əsaslandırmalıdırlar. Yalnız bundan sonra sığorta şirkəti pasiyent üçün növbəti tibbi xidmətin göstərilməsinə icazə verir və pasiyent tibbi xidmətdən yararlanır. Amma bəzi sığorta şirkətləri müqaviləyə uyğun olaraq, göstərilən xidmətlərin siyahısını əvvəlcədən tibb müəssisəsinə tədqim edir və ondan hər bir tibbi xidmətin göstərilməsinə görə ayrıca icazə alınmasını tələb etmir. Bu halda tibbi müəssisə bir-birindən asılı olan xidmətləri ardıcıl şəkildə həyata keçirə bilir. Bu da pasiyent üçün vaxt itkisinin yaranmamasına imkan verir.

Sığorta şirkətləri maksimum 10% gəlir götürə bilirlər

"CONSULTANT" Tədris və Konsaltinq Mərkəzinin prezidenti Xəyal Məmmədxanlı Trend-ə bildirib ki, könüllü tibbi sığorta bu gün Azərbaycanda normal işləyən sığorta növlərindən biri hesab oluna bilər: “Böyük şirkətlər, xüsusilə də xarici şirkətlər bu sığorta növünə xüsusi diqqət yetirirlər. Əsas problem odur ki, fərdi tibbi sığorta inkişaf etməyib. Yəni şirkətlər vətəndaşları ayrı-ayrılıqda sığortalamırlar. Çünki düşünürlər ki, yalnız xəstə insanlar fərdi qaydada könüllü olaraq tibbi sığorta oluna bilər”.

X.Məmmədxanlı deyib ki, tibbi sığorta paketləri əhatə etdiyi xidmətlərin sayına və növünə görə dəyişir. Azərbaycanda bu paketlərin qiymətitəxminən 250-700 manat arasında dəyişir ki, bu da bazar qiymətləri baxımından normal hesab edilir. “Tibbi sığorta paketlərinin qiymətləri əslində çox baha deyil. Düşünün ki, 250 manatlıq paketə bir il üçün istənilən sayda poliklinika xidmətləri, müayinələr, dərman təminatı, təcili yardım və s. daxil edilir. Bu gün tibbi sığorta bazarında zərərlilik dərəcəsi təxminən 65%-ə yaxındır. Bu onu göstərir ki, qiymətlər baha deyil, şirkətlər maksimum halda 10% gəlir götürə bilirlər”.

Şirkətlər tərəfindən müştəriyə təklif edilən sığorta məbləğlərinin müqaviləyə daxil edilən tibbi xidmətlərin dəyərindən olduqca böyük olması məsələsinə gəldikdə, X.Məmmədxanlı bildirib ki, sığorta məbləği sığorta şirkətinin öhdəliklərinin son həddidir. Onun sözlərinə görə, sığorta şirkətlərinin qoyduqları limitlər müştərini cəlb etmək üçün bir metoddur. Çünki müştəri çox nadir halda həmin limitin hamısını istifadə edir: “Sığorta bazarı əslində böyük rəqəmlər qanuni ilə işləyir. Sığorta şirkətinin hər hansı sığorta növündən qazanc əldə etməsi üçün həmin sığorta növü üzrə sığortalananların sayı çox olmalıdır. Sığortaolunanların hamısı xidmətlərdən və təklif edilən limit məbləğinin hamısından istifadə etmədikdə sığorta şirkətləri qazanc əldə edir. Sığorta bir prinsiplə işləyir - problemsiz müştərilərin hesabına problemli müştərilərin xərclərini ödəsin, bunun da müqabilində pul qazansın. Ona görə də sığorta şirkəti bütün risklərini düzgün hesablamalıdır”.

Pasiyent işlətmədiyi pulları geri ala bilərmi?

Ekspertin sözlərinə görə, adətən, bir sığortalı il ərzində orta hesabla maksimum 6-7 dəfə həkimə müraciət edir. Lakin elə şəxslər olur ki, sığortası olsa da, ilboyu həkimə müraciət etmirlər.

X.Məmmədxanlı deyib ki, xəstənin limit kimi müəyyənləşdirilən sığorta məbləğini tam istifadə etməsi də şərt deyil. İstifadə edilməmiş pullar isə pasiyentə geri qaytarılmır. Pasiyent həmin vəsaiti müqavilədə göstərilməyən digər tibbi xidmətlərin də göstərilməsinə yönləndirə və ya növbəti ilə köçürə bilməz. Çünki müqavilə 1 illik müddətə bağlanılır və sığorta müqaviləsində yalnız göstərilən risklərə və ya xidmətlərə təminat verilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri