Nazir: "Sahibkarlığa qanunsuz müdaxilə edənlər cəzalandırılır, proses bundan sonra da davam edəcək"

Azərbaycanda son 7 ildə qeyri-neft sektorunun ÜDM-də payı 9,4% olub.

APA-nin məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyri-neft ixracının genişləndirilməsinə həsr olunmuş mətbuat konfransında bildirib.

“Bu il 9 ayı ərzində ÜDM-də qeyri-neft sektorunun payı 6,4% artıb. Ümumi iqtisadi inkişaf isə 3,7% təşkil edib”, - deyə Ş. Mustafayev qeyd edib.

Nazirin sözlərinə görə, qeyri-neft sektorunun inkişafı üçün xeyli işlər görülür, sahibkarlığa qanunsuz müdaxilə edənlər cəzalandırılır, proses bundan sonra da davam edəcək.

“Ölkədə istehsalın həcmi artdıqca daxili tələbat ödənilir. Xüsusilə kənd təsərrüfatı sahəsində bu inkişaf daha qabarıq nəzərə çarpır. Belə ki, qeyri-neft sektorunun inkişafının yarısını kənd təsərrüfatı məhsulları təşkil edir”, - deyə nazir bildirib.

O, Qazaxıstanın Aktau limanında “Azərsun Holdinq” MMC tərəfindən logistika mərkəzinin tikintisinin başa çatdığını bildirib.

“Azərbaycandan aparılan məhsullar bu logistika mərkəzindən Qazaxıstanın qərbinə, oradan isə ölkənin digər şəhərlərinə daşınacaq”, - deyə Ş. Mustafayev vurğulayıb.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov isə Qazaxıstana göndərilən məhsulların gömrük rüsumundan azad olacağını bildirib.

“Burada vacib məsələ məhsulların daşınması zamanı veriləcək sənədlərin qarşılıqlı tanınmasıdır. Belə ki, məhsulların Qazaxıstanda qəbulu zamanı əlavə sənədə ehtiyac olmayacaq. Tez xarab olan məhsullar gömrükdən keçərkən vaxt itkisinin qarşısnı almaq üçün sənədləşmə işlərinə cəmi 1 saat sərf olunacaq”, - deyə Ş. Bağırov qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri