Bakıda binada yanğın baş verib, 49 ailə təxliyə olunub

Bakıda 12 mərtəbəli binada yanğın baş verib. APA-nın məlumatına görə, hadisə Nizami rayonu Qara Qarayev 119 ünvanındakı yaşayış binasında qeydə alınıb. Binanın birinci blokundakı elektrik şitində qəfil baş verən tüstülənmə çox keçmədən yanğına çevrilib.

Sakinlər dərhal Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng vuraraq kömək istəyiblər. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Nizami Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Bloku qatı tüstü bürüdüyündən və alovun mənzillərə keçmə təhlükəsi olduğundan binada yaşayan 49 ailə təxliyə olunub. Daha sonra yanğınsöndürənlər alovun mənzillərə keçmədən qarşısını alıblar.

Bina sakinlərinin özlərinə görə, yanğına ilkin səbəb kimi elektrik naqillərindəki həddindən artıq yüklənmə göstərilir. Belə ki, noyabrın 15-də binaya verilməli olan istilik hələ də verilməyib. "Azəristiliktəchizat" ASC-dən sakinlərə deyilib ki, qurumun "Azəriqaza" borcu olduğundan binaya istiliyin verilməsi bir müddət yubana bilər. Sakinlərin sözlərinə görə, evlər elektrik sobaları ilə qızdırıldığından xətdə yüklənmə olub və yanğınla nəticələnən partlayış baş verib.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri