Gəncədə reydlər zamanı xeyli taksi sürücüsü cərimələnib

Gəncədə reydlər zamanı xeyli taksi sürücüsü cərimələnib Gəncədə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib. Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsi ilə Nəqliyyat Departamentinin birgə təşkil etdiyi yoxlamalar zamanı işıqforların və dayanacaqların yaxınlığında dayanan xeyli sayda sürücüyə qarşı inzibati protokol tərtib olunub.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncənin küçə və prospektlərində tıxac yaradan taksi sürücülərinə qarşı mübarizə tədbirləri gücləndirilib. Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Nəqliyyat Departamentinin müfəttişləri ilə birlikdə nəzərdə tutulmayan yerlərdə dayanan taksi sürücülərinə qarşı reyd keçirib. Dəmiryol vağzalının qarşısından başlayan yoxlamalar bütün şəhəri əhatə edib.

Reydlər zamanı məlum olub ki, nəzərdə tutulmayan yerlərdə dayanan avtomobillərin bir çoxu taksi fəaliyyəti ilə məşğul olmaq üçün heç fərqlənmə nişanı da almayıb. Belə sürücülər ikiqat ziyana düşüb. Onlara qarşı yol polisi ilə yanaşı, Nəqliyyat Departamentinin müfəttişləri də protokol tərtib edib.

"Yol hərəkəti haqqında" qanuna uyğun olaraq, dayanma, durma qaydalarını pozan sürücülər müvafiq olaraq 20 manat məbləğində cərimə olunurlar.

Reydlər zamanı avtobus sürücüləri də cəzalandırılıb. Sənədləri qaydasında olmayan sürücülərin avtomobilləri müvəqqəti dayanacağa aparılıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri