Bu ildən buraxılış imtahanlarında “2” alan şagirdlər də qəbul imtahanlarında iştirak edə biləcək

Bu ildən buraxılış imtahanlarında “2” alan şagirdlər də qəbul imtahanlarında iştirak edə biləcək Bu il orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında “2” qiyməti alanlara əlavə ikinci şans yaradılmayacaq.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, bu il şagirdlərin attestasiya qaydalarına edilən dəyişikliklərə əsasən, şagirdlərin buraxılış imtahanlarında aldıqları qiymətlər IX sinif şagirdlərinin şəhadətnaməsi, XI sinif şagirdlərinin isə attestatında qeyd olunacaq.



E.Nağızadə qeyd edib ki, bu ildən ilk dəfə olaraq buraxılış imtahanlarında “2” qiyməti alan şagirdlər də ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcək: “Ola bilər ki, hansısa şagird buraxılış imtahanında “2” qiymət alsa da, qəbul imtahanında uğur qazanaraq ali məktəbdə təhsil almaq imkanı əldə etsin”.



Qeyd edək ki, bu ilə kimi buraxılış imtahanlarından kəsilən IX sinif şagirdləri üçün payız aylarında əlavə şans yaradılırdı. Bundan əlavə, IX və XI sinif şagirdləri buraxılış imtahanlarından “2” qiyməti aldıqları halda ali məktəblərə qəbul imtahanlarında iştirak etmək hüququndan məhrum olurdular.
Şərhlər
Sosial bölməsinin xəbərləri