Bakı metrosunda qatarda problem yaranıb, hərəkət 40 dəqiqə dayanıb

Bu gün axşam saatlarında Bakı metropoliteninin "İçərişəhər" stansiyasında qatarda nasazlıq yaranıb, nəticədə qatarların hərəkətində uzunmüddətli fasilə yaranıb.
APA-nın məlumatına görə, "İçərişəhər" stansiyasından "Həzi Aslanov" stansiyasına hərəkət edən qatarda problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya bildirib ki, hadisı saat 19.59-da baş verib. "İçərişəhər" stansiyasında sərnişinlərlə dolu qatar hərəkətə gəlməyib. Bütün səylərə baxmayaraq, nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Yolu boşaltmaq üçün "İçərişəhər" stansiyasına köməkçi qatar göndərilib. Köməkçi qatar nasaz qatarı dartıb və yol boşalıb. Bu işlərə 40 dəqiqə vaxt sərf edilib. Bu müddət ərzində "İçərişəhər" - "28 May" xətti üzrə qatarların hərəkəti dayandırılıb. "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində isə qatarlar normal və vaxtında hərəkət edib.

Sərnişinlərin APA-ya verdiyi məlumata görə, 40 dəqiqəlik fasilə "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında sərnişin sıxlığına səbəb olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri