Elmar Məmmədyarov Panama Kanalı Administrasiyası ilə əməkdaşlığa dair danışıqlar aparıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Panamaya rəsmi səfər çərçivəsində Panama Kanalı Administrasiyasının idarəetmə və maliyyə məsələləri üzrə vitse-prezidenti Fransisko Migez ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir Panama kanalı infrastrukturu ilə tanış olub. Görüşdə F. Migez kanalın fəaliyyəti, əməliyyat imkanları haqqında ətraflı məlumat verib. Panama kanalının gələcək inkişafı, ötürücülük qabiliyyətinin artırılması, kanaldan keçid edən gəmilər və onların şəxsi heyəti üçün maddi-texniki təminat və xidmət imkanlarının yaradılması planları haqqında danışaraq, Azərbaycan şirkətləri və sərmayəçilərinin də bu layihələrdə iştirak edə biləcəklərini qeyd edib.

E. Məmmədyarov Azərbaycanın qeyri-neft sektorunun inkişafı strategiyasında nəqliyyat sektorunun prioritet sahələrdən biri olduğunu deyərək Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni inşa edilmiş Bakı Beynəlxalq Dəniz Ticarət limanı, quru nəqliyyat yollarının çəkilişi, yük gəmiləri donanması və hava daşımaları imkanlarının artırılması, inteqrasiya edilmiş nəqliyyat modulu və nəticə etibarilə, ölkənin regionun nəqliyyat qovşağına çevrilməsi haqqında məlumat verərək bu sahədə iki dövlət arasında əməkdaşlığın və təcrübə mübadiləsinin faydalı ola biləcəyini diqqətə çatdırıb.

Görüşdə Panama kanalının gələcək inkişafı, kanal vasitəsilə neft məhsullarının daşınması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri