"Bank Standard"ın ödəniş kartlarının məlumat təhlükəsizliyi ən yüksək dünya standartlarına cavab verir

"Bank Standard"ın ödəniş kartlarının məlumat təhlükəsizliyi ən yüksək dünya standartlarına cavab verir "Bank Standard” auditdən uğurla keçərək, ödəniş kartlarının məlumat təhlükəsizliyinə dair dünya standartlarına uyğunluq sertifikatı, PCI DSS v.3.1 əldə edib.

Bankdan APA-ya verilən xəbərə görə, audit qismində “Sysnet Global Solution” çıxış edib.

PCI DSS sertifikatı “Bank Standard”ın kartlardan istifadə etməklə keçirilən əməliyyatlar barədə məxfi məlumat təhlükəsizliyini təmin edən informasiya strukturunun müdafiə standartlarına uyğunluğunu təsdiq edir. Bununla da, ən yaxşı dünya standartlarına uyğun informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə kompleks sistemin yaradılması istiqamətində bank növbəti addım atıb.

PCI DSS tələblərinə görə, bank ödəniş kartı sahiblərinə məxsus məlumatların saxlanılması, emal edilməsi və ötürülməsi üzrə tam təhlükəsizliyə riayət edir. Bu günkü gündə konfidensial məlumatların qorunması üzrə bu cür hərtərəfli yanaşmanın nümayiş etdirilməsi təşkilatları kart sahəsində törədilən cinayətlərdən qorumağın ən səmərəli vasitəsi hesab edilir, PCI DSS standartlarına uyğunluq isə bütün şirkətlər – beynəlxalq ödəniş sistemləri ilə işləyən banklar, məlumat emalı mərkəzləri, maliyyə və ticarət-xidmət təşkilatları üçün mütləqdir.


PCI DSS standartı Ödəniş Kartları üzrə Təhlükəsizlik Standartları Şurası (PCI SSC) tərəfindən işlənib hazırlanıb. Sözügedən şurada hazırda ödəniş sistemi sahəsində tanınan beş brend şirkət təmsil olunur: “Visa”, “MasterCard”, “American Express”, “Discover” və “JCB”. Bu standartlar elektron ödəniş kartlarından istifadə edən təşkilatlarda maliyyə məlumatlarının qorunması üzrə kompleks tələbləri təsvir edir. Yalnız Kvalifikasiyalı Təhlükəsizlik Qiymətləndiricisi (PCI QSA) statusuna malik auditor şirkətlər xidmət təminatçılarından tələb edilən yüksək səviyyəli təhlükəsizlik sertifikasiyasını həyata keçirə bilər. Bu cür sertifikatın əldə edilməsi o deməkdir ki, xidmət təminatçısı məlumat təhlükəsizliyinin ən yüksək standartlarına cavab verir.


Beləliklə, “Bank Standard” müdafiə standartları beynəlxalq ekspertlər tərəfindən təsdiq edilən Azərbaycandakı azsaylı banklardan birinə çevrildi. “Bank Standard” üçün müştəri məlumatlarının təhlükəsizliyinin təmin edilməsi işin mühüm hissəsi hesab edilir. PCI DSS sertifikatının əldə edilməsi onu göstərir ki, bank tərəfindən mühüm məlumatların qorunması istiqamətində həyata keçirilən tədbir və proseslər ən yüksək dünya standartlarına cavab verir və bankın müştəriləri ödəniş xidməti təhlükəsizlik sisteminin stabil işinə əmin ola bilər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri