Bakıda iki qardaş müəmmalı şəkildə yaralanıb

Ötən gecə xəsarət alan Ramana sakinləri 3 saylı şəhər Kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA-ya verilən məlumata görə, Ramana qəsəbəsi, "Südçülük Sovxozu" deyilən ərazidə yaşayan yaralılar 22 yaşlı Elvin Bayramov və 26 yaşlı Babək Bayramov qardaşlarına dərhal tibbi yardım göstərilib. Müayinə zamanı Elvin Bayramova qolun sınığı diaqnozu, Babək Bayramova isə bədənin müxtəlif nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Bayramov qardaşları polisə verdikləri ilkin ifadələrində avtomobil qəzasında yaralandıqlarını söyləyiblər. Lakin, polis onların bu ifadəsini inandırıcı saymayıb. 22 yaşlı Elvin Bayramov ifadəsinin alınması üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gətirilib.

Polisdən APA-ya verilən məlumata görə, Bayramov qardaşlarının ifadələri əsasında araşdırma aparılır. Aparılan araşdırmanın nəticəsində hadisənin əsl səbəbinin öyrənmək mümkün olacaq.
Şərhlər
Hadisə bölməsinin xəbərləri