Şirvanda silsilə oğurluqlar edən şəxs tutulub

Şirvan şəhərində 5 mağazadan oğurluq edən şəxs tutulub.

Şirvan şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Şirvan şəhəri H.Z.Tağıyev küçəsi, 1 mənzil 2 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Zeynalov İlham Gülağa oğlu Şirvan sahibkarlarına məxsus mağazalardan oğurluqda şübhəli bilinərək saxlanılıb.

İlham Zeynalov əvvəllər qanunsuz silah gəzdirmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olma və dövlət əmlakını oğurlama maddələri ilə dəfələrlə məhkum edilib. Müxtəlif vaxtlarda eyni üsulla-mağazaların dam örtüyünü deşərək içəri daxil olan adı çəkilən şəxs oradan təxminən 7 min manat dəyərində ərzaq malları, mobil telefon konturları, siqaret, məişət texnikası və nağd pul götürüb. İlham Zeynalov bu gecə Şirvan şəhəri F.Eynullayev küçəsində yerləşən mağazadan oğurluq edərkən mühafizə siqnalı işə düşüb. Şirvan Polis Şöbəsinin və mühafizə idarəsinin hadisə yerinə gələn əməkdaşları oğrunu mağazada yaxalayıblar. İlham Zeynalovun özünün qeyd etdiyinə görə 8 mağazadan oğurluq edib.

Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri