Bakıda Almaniyanın Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

Bakıda Almaniya Milli Birliyinin 25-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin təmsilçiləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Öncə opera müğənnisi Fidan Hacıyevanın ifasında Azərbaycan və Almaniya himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel qonaqları salamlayıb. İlham Əliyevin bu il Berlinə səfər etməsinə diqqət çəkən səfir ölkələrimiz arasında qarşılıqlı dialoqun inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. H.Tempel, həmçinin, Almaniyanın 2016-cı ildə ATƏT-ə sədrlik edəcəyini və bu müddət ərzində Azərbaycan və digər tərəfdaşları arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün çalışacağını vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan hökuməti adından alman xalqını təbrik edib. Onun sözlərinə görə, Almaniya ticarət və sərmayələr də daxil olmaqla son 25 il ərzində yüksək uğurlara imza atıb:

“Almaniyanın dünya siyasəti və iqtisadiyyatında yerini nəzərə alaraq Azərbaycan sizin ölkənizlə bütün sahələrdə əməkdaşlığın davam etdirilməsinə özünün vacib məqsədi kimi baxır. Mən yalnız iki sahəyə toxunmaq istəyirəm – iqtisadiyyat və təhsil. İqtisadi, maliyyə-texniki sərmayələr sahəsində bir neçə mexanizm yaradılıb. Almaniya-Azərbaycan Beynəlxalq Ticarət Palatası mövcuddur. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Təhsil sahəsində əməkdaşlığa toxunan M. Məmmədquliyev son illər təxminən 120 Azərbaycan gəncinin Almaniya universitetlərində təhsil aldığını bildirib. Bu sahədə potensialın güclü olduğuna diqqət çəkən xarici işlər nazirinin müavini peşə təhsili sahəsində də əməkdaşlığın inkişafının zəruri olduğunu vurğulayıb.

Sonda tədbir Almaniyadan olan caz musiqiçilərinin ifaları ilə davam edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri