"Bakı Metropoliteni": Gələn aydan gediş haqqının ödənişi yalnız "Bakıkart"la mümkün olacaq


Bütün stansiyalarda kart satışı, gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq

Oktyabrın 1-dən etibarən "Bakı Metropoliteni"ndə gediş haqqının ödənişi yalnız "Bakıkart"lardan istifadə etməklə mümkün olacaq.

Bu barədə APA-ya"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq, "Bakı Metropoliteni"nin bütün stansiyalarında kart satışı, gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq.

Qeyd edək ki, "Bakıkart"ların satışı və gediş haqqının yüklənməsi “Bakı Metropoliteni”nin bütün stansiyalarında, "Baku Bus" MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılan terminallar vasitəsi ilə həyata keçirilir.

“Hazırda sərnişindaşımada mövcud olan sıxlığı nəzərə alaraq sizdən xahiş olunur ki, metropolitendən istifadə edərkən özünüzlə karta yükləyəcəyiniz məbləğdə xırda pul götürəsiniz”, - deyə qurumun mətbuat xidmətinin rəhbəri bildirib.

“Bakıkart”la yaranmış hər hansı problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “Nəriman Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart analizi” mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət etmək mümkündür.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri