Azərbaycan XİN: “Bu, Ermənistanın əsl simasının növbəti əsaslı sübutudur”

“Ermənistanın rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deyə bəyanatı Ermənistanın Azərbaycan ərazilərini işğalının, təcavüzkar dövlət kimi, münaqişədə Ermənistanın daşıdığı hüquqi-siyasi məsuliyyətin və Ermənistanın əsl simasının növbəti əsaslı sübutudur”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhində qeyd olunub.

“BMT Baş Assambelyasının 70-ci sessiyası və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli ilə əlaqədar Nyu-Yorkda danışıqların aparıldığı dövrdə Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin pozulması və ərazilərinin ilhaq edilməsinə dair bu cür məsuliyyətsiz bəyanatı beynəlxalq hüquq, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, danışıqlar prosesi və beynəlxalq ictimaiyyətə qarşı hörmətsizliyin, özbaşınalıq və cəzasızlıq sindromunun ən ifrat nümunəsidir. Bu bəyanat açıq şəkildə beynəlxalq hüquqi və siyasi məsuliyyət ehtiva edir” deyə, H. Hacıyev qeyd edib.

Mətbuat xidməti rəhbəri xatırladıb ki, Ermənistanın münaqişənin həlli prosesində iştirakının yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıdığını, rəsmi Yerevanın hədəfinin Azərbaycan ərazilərinin ilhaqı və işğala əsaslanan mövcud status kvonu saxlamaqdan ibarət olduğunu Azərbaycan tərəfi dəfələrlə bəyan edib və təkzibolunmaz faktlarla sübut edib: “Ermənistanın kriminal hərbi diktatura rejimi işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi, Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xətti boyunca intensiv şəkildə atəşkəsin pozulması və mülki Azərbaycan əhalisinin hədəfə alınması kimi təxribatçı əməlləri ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesini pozmaq siyasətini davam etdirir”.

“Eyni zamanda ümumxalq iğtişaşı və siyasi, iqtisadi və maliyyə böhranı ilə üzləşən Ermənistanın hərbi xunta rejimi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi ilə ölkə ictimaiyyətini xof içərisində saxlamaq və kəskin ölkədaxili problemlərdən diqqəti yayındırmaq kimi məqsədlər güdür”deyə şərhdə vurğulanıb.

H. Hacıyev qeyd edib ki, təəssüflər olsun ki, ikili standartlardan çıxış edərək, münaqişə ilə verilən bir sıra bəyanatlar təcavüzkar dövlət və işğala məruz qalan dövlət arasında fərq qoymur, konkret ünvanlı xarakter daşımır, münaqişənin köklü səbəblərinə varmır, Ermənistanın siyasi rəhbərliyinin avantürist və məsuliyyətsiz siyasətinə beynəlxalq hüquqi qiymət vermir və yalnız simptomatik xarakter daşıyır: “Azərbaycan Respublikası ərazilərinin işğalı ilə heç zaman barışa bilməz. Münaqişə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir. Əks təqdirdə, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcək”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri