Bakıda qeydiyyat nömrələri tək və cüt rəqəmlərlə bitən avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə təklif gündəlikdən çıxarılıb

Bakıda qeydiyyat nömrələri tək və cüt rəqəmlərlə bitən avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə təklif gündəlikdən çıxarılıb Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etdiyi iki əsas təklifdən biri gündəliyə salınmayıb, bir təklif isə araşdırılmaqdadır.

APA-nın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin həftənin cüt günləri dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin, tək günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin Bakının mərkəzində hərəkətinə icazə verilməsi ilə bağlı təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının gündəliyinə salınmayıb.

Baş Dövlət Yol Polisi İdarəsi bu təklifinin yaxın perspektivdə də Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının gündəliyinə salınması da gözlənilmir.

Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” 23 iyul 2015-ci il tarixli qərarına əsasən, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə paytaxtda müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədi ilə müvafiq avtomobil yollarının siyahısını da artıq Komissiyaya təqdim edib.

Ümumilikdə “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” 23 iyul 2015-ci il tarixli qərara uyğun olaraq Bakıda müntəzəm sərnişin daşımaları yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədilə müvafiq avtomobil yollarının ayrılması məqsədəuyğun sayılır. Avtomobil yolları ilə bağlı araşdırmalar yekunlaşandan sonra bu məsələ Komissiyanın iclasında müzakirə olunaraq yekun qərar veriləcək, həmin avtomobil yollarından hansıların bu məqsədlə ayrılacağı dəqiqləşəcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri