Azərbaycan internet mediasında oxşar domen problemi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi problemin həlli üçün Nazirlər Kabinetinə təqdim edəcəyi Qaydaları razılaşdırır

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda son günlər media ilə bağlı əsas müzakirə mövzularından biri də internet media resurslarının oxşar domen problemidir. Əsas problem milli brendə çevrilmiş media resurslarının domenlərinə oxşar və ya əlavələr etməklə yeni yaradılmış saytların özlərini eyni ad altında təqdim etmələri, bəzən isə reket fəaliyyəti ilə məşğul olmalarıdır.


İnternet mediasının populyarlığından doğan problem


Bu problemlə üzləşməsi barədə bir neçə dəfə bəyanat yayan "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı deyir ki, əslində məsələ Azərbaycanda internet medianın populyarlaşmasından yaranır. Artıq Azərbaycanın internet media bazarında milli brendlər var: " Bu, bütün sahələr üçün xarakterik haldır. Brendin adında hərf dəyişməklə və ya əlavə etməklə yeni əmtəə nişanı ortaya çıxarılır. Əslində bu, bizim uğurlarımızdan biridir ki, bizə bənzəmək, adımızla manipulyasiya etmək istəyirlər. Amma çox təəssüf ki, bir çox hallarda bu adlardan istifadə edənlər tək o adın məşhurluğu altına sığınmırlar, həm də bundan reket məqsədi üçün istifadə edirlər. “APA Holding” də fəaliyyəti dövründə bununla rastlaşıb. Ona görə də dəfələrlə APA adı ilə açılmış, alınmış domenlərlə bağlı müxtəlif orqanlara müraciətlər edib, bununla bağlı öz etirazımızı bildirib, açıqlamalar yaymışıq. Ən azı ictimaiyyəti məlumatlandırmışıq ki, bu, biz deyilik”.

“APA Holding” vəziyyətdən çıxış yolu tapıb və milli brend kimi Standartlaşdırma, Metrologiya və Patent Komitəsində APA və “Lent.az” adlarını patentləşdirib: "Bu patentlə media, nəşriyyat və poliqrafiya sahəsində APA sözünün işlədilməsi və bununla yeni brend yaradılması yalnız bizim şirkətə məxsusdur. “APA Holding”-in icazəsi olmadan bu addan istifadə etmək olmaz" (http://az.apa.az/news/361791).



V. Mahirqızı onu da deyib ki, patent hüququ əldə edilməsinə baxmayaraq, “APA Holding” yenə də domenlə bağlı problemlə üzləşib: " Çox təəssüf ki, bizim patentimiz olmasına baxmayaraq, “*.az” domen zonasında inzibatçı fəaliyyəti ilə məşğul olan “Network Technologies" (NT) şirkəti yenə də bizə aid domeni başqasına satıb. Çox təəssüf ki, bizi bununla bağlı məktubumuza həmin şirkət əsaslandırma üçün başqa arqumentlər istəməklə cavab verdi. Biz isə yenidən Standartlaşdırma, Metrologiya və Patent Komitəsinə müraciət etdik və APA adının yalnız bizim şirkətə məxsus olduğunu təsdiqləyən arayış aldıq. Təəssüf ki, bundan sonra da bu şirkət www.apatv.az domeninin vaxtını tamamilə qanuna zidd olaraq bizim şirkətə aidiyyatı olmayan şəxsin adına uzatdı. Həmin şəxs isə domeni almaq üçün bizdən olduqca böyük məbləğ tələb edir. Biz indi məsələni hüquqi müstəvidə həll etmək üçün hazırlıqlar görürük".

V. Mahirqızı onu da qeyd edib ki, beynəlxalq domenlərlə də oxşar adlı saytlar yaratmaq mümkündür: "Amma həm "NT", həm də aidiyyatı dövlət qurumları internet media brendlərinin də bizim sərvətimiz olduğunu, onun qorunmasının vacibliyini nəzərə almalıdırlar. Heç olmasa milli arealda “*.az” domenində biz öz milli informasiya brendlərimizi qorumalıyıq".


Domenləri patentləşdirmək çağırışı


“APA Holding” prezidenti hesab edir ki, bu mübahisələrin həlli dünya praktikasını öyrənməkdədir: “Bəlkə gələcəkdə qanunvericilikdə dəyişiklik ola bilər. Eyni zamanda mən tanınmış media qurumlarını öz brendlərini patentləşdirməyə çağırıram”.

V. Mahirqızı internet media məkanında oxşar domenlərlə bağlı yaranmış problemin həm də informasiya təhlükəsizliyi üçün təhdid rolu oynadığını da vurğulayır: "Bir çox hallarda domenlə yanaşı dizayn da, şriftlər də oğurlanır. Bu isə məşhur, inanılmış media resursunun adından sui-istifadəyə, eyni zamanda dezinformasiyaların yayılmasına və çaşqınlıq yaradılmasına səbəb ola bilir".

Şantajı, təhqiri seçənlərin yolu


“Qafqazinfo.az” xəbər saytının baş redaktoru Elbrus Ərud da hesab edir ki, oxşar, təkrar domenlərin, bir hərfi dəyişməklə yaradılan domenlərin istifadəsi və oxşar adlarda yaradılan saytların bir-birinin fəaliyyətindən sui-istifadə etməsi , hətta birinin o birinin adı altında reket fəaliyyət göstərməsi Azərbaycan mediasının ciddi problemlərindən biridir. Onun sözlərinə görə, bu gün demək olar ki, Azərbaycanın bütün nüfuzlu media qurumlarının adına oxşar domenlər qeydiyyata alınıb, domenlər yaradılıb: "Həmin domenlərlə yaranan media qurumları qanundankənar fəaliyyət göstərir, insanları şantaj, təhqir edir, reket fəaliyyəti göstərirlər. Azərbaycanda “APA Holding”, “qafqazinfo.az” başda olmaqla, onlarla media qurumunun "kloun"u yaradılıb. Bu mənfi tendensiya davam edir və bunun qarşısı alınmalıdır”.

E. Ərud xatırladır ki, Azərbaycan prezidenti İlham Əliyevin 16 dekabr 2014-cü il tarixli sərəncamı ilə qüvvəyə minən “Kütləvi İnformasiya Vasitələri" haqqında qanuna dəyişikliklər haqqında” qanunda dəqiq şəkildə göstərilib ki, əvvəllər qeydiyyata alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi, yaxud adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar qadağandır: “Yəni oxşar adların istifadəsi qadağan edilib. Bu bizə əsas verir ki, bu qanundan çıxış edərək və eyni zamanda Azərbaycan mediasında yaranan bu aktual problemi qabardaraq bu məsələnin həm müvafiq qurumlar, həm dövlət, həm də Mətbuat Şurası qarşısında qaldıraq və problemi kökündən həll edək. Bu problem həll olunmasa, Azərbaycan mətbuatının hörməti bir az da aşağı düşəcək. Təsəvvür edək ki, bu gün “qafqazinfo.az” kimi xəbər portalının redaksiyasına hər gün, günaşırı, ən azı həftədə bir dəfə zəng edilir, kimlərsə redaksiyamıza gəlir və haqlarında “yaydığımız” hansısa məlumatın çıxarılmasını, yaxud təkzib verilməsini tələb edir, əvəzində pul təklif edirlər. Beləliklə də fəaliyyətimizə mane olurlar. Bu oxşar adı yaradıb, “*.az”, “*.orq” versiyasını açıb, insanları təhqir, şantaj etməklə fəaliyyət göstərirlər. Hətta onların redaksiyalarına zəng edəndə özlərini “qafqazinfo.az” kimi təqdim edirlər. Bununla bağlı əlimizdə sənədlər var, məhkəməyə müraciət etmişik. Eyni zamanda Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə, Baş Prokurorluğa müraciət etmişik. Həmin şəxslərin ciddi şəkildə cəzalandırılmasını tələb etmişik. Bu cəzalandırma ənənəsinin ölkədə yaranmasının təşəbbüskarıyıq və buna nail olana qədər çalışacağıq. Bu insanların əleyhinə bir-iki dəfə bəyanat vermişik, Mətbuat Şurası əleyhlərinə qərar çıxarıb. Mətbuat Şurası sentyabrın əvvəlində oxşar domenlərin istifadəsi və bunun nəticələrinə həsr edilmiş böyük bir müşavirə keçirməyi planlaşdırır".

Mətbuat Şurasından gözlənti

E. Ərud qeyd edir ki, Mətbuat Şurası bu məsələni yalnız media rəhbərləri ilə deyil, NT şirkəti və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə birgə müzakirə etməlidir.


E. Ərud onu da nəzərə çatdırıb ki, rəhbərlik etdiyi xəbər saytının adından sui-istifadəyə görə verdiyi bəyanatdan və Mətbuat Şurasının reaksiyasından sonra həm o, həm də Mətbuat Şurası təhqir olunur: "Biz artıq bu gün Mətbuat Şurasına ikinci dəfə müraciət etdik. Mətbuat Şurası da müraciətimizi sənədləşdirib müvafiq qurumlara göndərəcək. Yəqin ki, onların aqibəti gözlədiyimizdən də ağır nəticələnəcək. Belələrinə havadarlıq edənlər də ifşa olunacaq”.

“Aznews.az” saytının baş redaktoru Elçin Zahiroğlu da deyir ki, nüfuzlu internet media orqanlarının oxşar domenləri ilə fəaliyyət göstərən saytlara baxanda aydın görünür ki, reketçiliklə məşğuldurlar və bu, çox ciddi problemdir: “Bu yaxınlarda bizim sayta zəng vurublar ki, bir nəfərdən onunla bağlı məlumata görə 5 min manat alıblar. Mənə dedilər ki, müxbirinizə deyin ki, bu, ayıb deyilmi? Mən buna görə bir əməkdaşımızı da işdən çıxardım, düşündüm ki, yəqin o müxbir nə isə edib. Sonra məlum oldu ki, bizim saytın adına oxşar sayt olub, həmin şəxs də elə bilib ki, məlumat bizim saytda gedəcək. Bizim adımızdan istifadə edilməsi ilə bağlı belə hallar onlarladır. Mən həmin saytların reklam olunmaması üçün bunu hər dəfə ictimailəşdirmək istəmirdim. Ancaq “aznews.az” varsa, niyə “aznewsinfo.az” olmalıdır? Əgər başqa ad tapılmırsa, deməli, burada bir məkrli niyyət var. Ona görə də Mətbuat Şurası bu məsələ ilə bağlı təkliflər paketi hazırlayaraq, qanunverici orqana təqdim etməlidir. Əks halda, bu prosesin qarşısını almaq olmayacaq”.

Mətbuat Şurasının problemlə bağlı yaxın günlərdə müşavirə keçirməyə hazırlaşdığını nəzərə alsaq, internet media orqanlarının rəhbərlərinin əsas gözləntiləri “*.az” domen zonasında inzibatçı fəaliyyəti ilə məşğul olan “NT” şirkəti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə bağlıdır. Bəs şirkət və nazirliyin problemin həllinə yanaşması necədir?


Milli İnzibatçıdan problemləri “az”aldan yanaşma və nazirliyin hazırladığı Qaydalar


“NT” şirkəti milli “*.az” domen zonasında inzibatçı fəaliyyətinə 1993-cü il avqustun 25-dən etibarən başlayıb. Şirkətin təsisçilərindən olan Faiq Fərmanov həm də şirkətin direktoru olub. 2013-cü il martın 6-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin direktoru təyin edilməsiylə əlaqədar olaraq şirkətdə direktor fəaliyyətini dayandıb. Bununla belə, F. Fərmanov hazırda milli “*.az” domeninin milli inzibatçısıdır, yəni “*.az” domeni ilə bağlı əsas məsul şəxsdir. F. Fərmanov hesab edir ki, qanunvericiliklə oxşar domenlərin satılması cinayət deyil, sadəcə, o domendən sonra necə istifadə edilməsi cinayət ola bilər: “Problem bu domenlərdən sonra necə istifadə edilməsi ilə bağlıdır. Oxşar adlardan sui-istifadə halları varsa, bununla bağlı məhkəmə iddiası qaldırılmalıdır. Patent varsa, maraqları qorumaq üçün məhkəmə yolu ilə bunu rahat etmək olar”.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev də bildirir ki, domen adı almaq üçün xüsusi qadağa yoxdur, domen adı boşdursa, hər kəs onu ala bilir: “Oxşar adlar, brendlər, tanınmış şəxsiyyətlər və şəhər adları ilə bağlı problemlər var. Brend adların verilməsi qanunvericiliklə qadağandır, bu, “İxtiralar və modellər haqqında” qanunla tənzimlənir. Ona görə də hər hansı şirkətin brend adı varsa, əmtəə nişanı kimi bu adla bağlı Standartlaşdırma, Metrologiya və Patent Komitəsindən patent alıbsa, məhkəmə yolu ilə oxşar adları geri ala bilərlər. Onu da nəzərə çatdırım ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Domen adların verilməsi ilə bağlı" yeni Qaydalar hazırlanır. Qaydalarda tənzimləmə prosesləri daha geniş əksini tapıb. Azərbaycanda domen adlarının verilməsi ilə bağlı bir çox məsələlər açıq qalır, suallar doğurur. Məsələn, elə yeni sözlər var ki, “stop-list”ə daxil ediləcək və o adda domen adlarının verilməsi qadağan ediləcək. Bundan başqa, tanınmış şəxslərlə bağlı domen adlarının verilməsinə müəyyən tənzimləmə mexanizmi tətbiq olunacaq. Tutaq ki, QHT bir qrant alır, tanınmış adamın adına sayt açır, 1 ildən sonra da saytı istifadə etmir. Belə məsələlərlə bağlı müəyyən tənzimləyici tədbirlər görüləcək”.

İ. Əliyev hazırda problemin həllində adlarla, ixtira və modellərlə bağlı qanunlardan yararlanmağı da zəruri sayır: ‘Standartlaşdırma, Metrologiya və Patent Komitəsində patent alınıbsa, oxşar adlardan başqalarının istifadə etməsi mümkün deyil. Əgər hər hansı şirkət öz adını, loqosunu əmtəə nişanı kimi qeydiyyatdan keçirirsə, patent alırsa, məhkəmə yolu ilə həll etmək olur. Patent alınmayıbsa, məsələ danışıq yolu ilə həll edilə bilər. Məsələn, KATV və KATV1 var. Yəni kimsə KATV1 yaradıb. Belə adamlar var ki, izləyir, yeni şirkət açılanda oxşar domeni alır, sonra da bu adı satmağa çalışır. Bu, tək bizdə deyil, bütün dünyada domen adları alınıb-satılır, bazarı da var. Hazırladığımız qaydalarda patenti alınmış adlarla bağlı domenlərin verilməsinə qadağa əksini tapacaq. Qaydalar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanıb, qurumlar arasında razılaşma mərhələsindədir. Bu Qaydaların payızda Nazirlər Kabineti tərəfindən qəbul edilməsi gözlənilir”.

Bir patent yetər…


Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə deyir ki, Azərbaycanda domen adları əmtəə nişanı kimi qeydiyyata götürülür. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanun da bunu təmin edir. Əmtəə nişanı sahibkarın əmtəələrini, yaxud xidmətlərini başqa sahibkarın əmtəələrindən, yaxud xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı kombinasiyası, uzlaşmasıdır: “ Əgər mətbuat, yaxud hər hansı sahədə mal və xidmət təklif sahibkar öz domen adını əmtəə nişanı kimi qeydiyyatdan keçirərək hüquqları əldə edə bilirsə, deməli, qanun ikinci bir şəxsə o domen adı altında mal və məhsul xidmətləri təklif etməyi qadağan edəcək. Təbii ki, hüquq birincinin xeyrinə məsələləri tənzimləyəcək. Bu, təcrübəmizdə də var. “APA Holding”-in timsalında mən bunu nümunə kimi qeyd etmək istəyirəm. Artıq nəinki Azərbaycanda, Cənubi Qafqazda öz nüfuzunu inkişaf etdirən, reytinqini qoruyub saxlayan “APA Holding” öz adını hüquqi cəhətdən qoruyub müdafiə etməyə qadir təşkilatdır. Biz bunu informasiya xidməti göstərən digər informasiya agentliklərinə, portallara, saytlara da nümunə kimi göstərə bilərik. Sahibkar bu halda məhkəmə yolu ilə öz hüquqlarını müdafiə edə bilər. Maariflənməyə də ehtiyac var, patenti alınan adı mənimsəyən başqa şirkət bəlkə də qanunvericiliyin tələblərindən məlumatsızdır. Ancaq son nəticədə məhkəmə qarşısında belə sahibkarın qarşısında hüququ pozulan tərəfindən böyük miqdarda təzminat tələbləri də qoyula bilinir. Ona görə də hüquq sahibi olan şirkətlər hətta piar şəklində öz hüquqlarını məhkəmə müstəvisində qorumalıdır ki, bu, başqalarına da görk olsun”.
Şərhlər
Texnologiya bölməsinin xəbərləri