Azərbaycan Respublikasında əhalinin sayı 9 milyon 644 min 300 nəfərə çatıb

Azərbaycan Respublikasında əhalinin sayı 9 milyon 644 min 300 nəfərə çatıb İlin əvvəlindən Azərbaycan Respublikasında əhalinin sayı 52,3 min nəfər və ya 0,5 faiz artaraq 2015-ci ilin iyul ayının 1-i vəziyyətinə 9 milyon 644 min 300 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən (DSK) Trend-ə bildiriblər ki, iyulun 1-dək ölkədə əhalinin bir kvadrat kilometrinə olan sıxlığı 111 nəfər olub. Əhalinin ümumi sayının 53,1 faizi şəhərlərdə, 46,9 faizi kəndlərdə yaşayır.

Azərbaycanda cinsi say üstünlüyü yenə qadınların tərəfindədir. Hazırda ölkədə əhalinin 49,8 faizi kişilər, 50,2 faizi qadınlardır və ya hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.

Yaş kateqoriyalarına gəldikdə isə respublikada əhalinin 22,4 faizi 0-14 yaşda, 71,6 faizi 15-64 yaşda, 6 faizi isə 65 və yuxarı yaş həddindədir.

2015-ci ilin ilk altı ayı ərzində ölkədə 78,4 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,6 təşkil edib.

Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini isə qız uşaqları təşkil edir. Körpələrin 1370-i əkiz, 48-i isə üçəm doğulanlardır.

Ötən ilin müvafiq dövrünə nisbətən ölkədə ölüm halları (200 nəfər) azalıb. Eyni zamanda, bu dövrdə respublikada bağlanan nikahların da sayında azalma (200 fakt) müşahidə edilib. Bunun əksinə olaraq, boşanmaların sayı isə (500 fakt) artıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri