Amerikalı həmsədr: “Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməlidir”

Amerikalı həmsədr: “Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməlidir” “Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Helsinki Yekun Aktının prinsipləri - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri əsasında həll olunmalıdır”.

APA-nın xəbərinə görə, bu sözləri Bakıda mətbuat konfransı keçirən ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik deyib.

Ukraynanın Donbas regionundakı münaqişə ilə Azərbaycanın Dağlıq Qarabağ regionundakı münaqişənin nə ilə fərqləndiyi barədə suala C. Uorlik belə cavab verib: “Münaqişələr fərqlidir. Hər bir münaqişənin özünün mənbəyi, tarixi var. Ukrayna böhranı, Dağlıq Qarabağ və digər münaqişələr biri-birləri ilə müqayisə edilə bilməz. Hər bir münaqişəyə bilavasitə münaqişənin zəminindən asılı olaraq müxtəlif yanaşmalar olmalıdır. Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktının prinsipləri - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri əsasında həll olunmalıdır”.


ABŞ prezidentinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edib-etməyəcəyi barədə sualı cavablandıran diplomat ABŞ prezidenti Barak Obamanın planları barədə danışmaq istəmədiyini söyləyib: “Mən prezident Obamanın planları barədə danışmaq istəmirəm. Lakin ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri və həmsədrlərin özləri çox istəyir ki, hər iki ölkənin prezidentləri onlara münasib olan zamanda bir araya gəlsinlər və münaqişənin sülh yolu ilə həllinə dair irəliləyişə nail olsunlar”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri