Türkiyədə hökumətə qarşı etiraz aksiyaları davam edir

İyunun 3-nə keçən gecə İstanbul, Ankara və İzmir başda olmaqla Türkiyənin müxtəlif şəhərlərində hökumətə qarşı etiraz aksiyaları davam edib, çoxlu sayda insan yaralanıb və saxlanılıb. APA-nın xəbərinə görə, İstanbuldakı olaylar əsasən Beşiktaş rayonu ərazisində - baş nazirin Dolmabağça ofisi ətrafında və Akaretlər yoxuşunda cərəyan edib. Polis etirazçılara şiddətli şəkildə müdaxilə edib, çoxlu sayda qaz bombaları atılıb, təzyiqli su püskürdən maşınlardan istifadə olunub. Yaralılar və boğucu qaz buludundan qaçanlar Validə Sultan Camisinə sığınıb. Ərazidəki 5 ulduzlu otellərin işçiləri insanlara pulsuz su paylayıb. Ətraf binaların sakinləri aksiya iştirakçılarına yemək daşıyıb. Əraziyə gələn könüllü həkimlər yaralılara yardım göstərib. Yaralıların və saxlanılanların dəqiq sayı bəlli deyil.



Paytaxt Ankarada da polislə etirazçılar arasında şiddətli toqquşmalar baş verib. İstanbuldakı etirazlara dəstək verən minlərlə insan Qızılay meydanında aksiya keçirib. Polis və jandarma qüvvələri Nazirlər Kabinetinin binasına gedən yolları ciddi nəzarətə götürüb. Əraziyə yaxınlaşan nümayişçilər qaz bombaları və təzyiqli su püskürdülərək dağıdılıb. Bir avtomobil sürətlə insanların arasına girib və 3 nəfəri vuraraq yaralayıb. Sürücü saxlanılıb. Ankarada ümumən 100-dən çox nümayişçinin saxlanıldığı xəbər verilir.



İzmirdə də ciddi olaylar baş verib. Hökumətin istefası tələbi ilə şəhərin Gündoğdu meydanına toplaşan kütlə polis hücumuna qarşı barrikadalar qurub. Polis nümayişçiləri dağıtmaq üçün plastik güllələrdən istifadə edib. Sifətindən və ayağından yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb. Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) İzmirin Karşıyaka rayonundakı yerli təşkilatının binasına naməlum şəxslər tərəfindən od vurulub. Polis binanın təbii qaz təchizatını dayandıraraq yanğınsöndürənləri hadisə yerinə çağırıb. Yanğın söndürülüb.



Türkiyənin Adana, Bursa, Hatay və digər böyük şəhərlərində də etiraz aksiyaları keçirilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri