Dövlət Miqrasiya Xidmətinin rəisi: “2008-2014-cü illər ərzində 1164 nəfərə Azərbaycan vətəndaşlığı verilib”

“2008-2014-cü illər ərzində vətəndaşlığı olmayan 852 şəxs və ümumilikdə 1164 nəfər Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub”.

APA-nın məlumatına görə, bunu “AzərTAc”a müsahibəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

O bildirib ki, təkcə 2014-cü il ərzində Azərbaycan vətəndaşlığına qəbulla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti daxil olmuş 254 vətəndaşlığı olmayan şəxsdən 186-ı vətəndaşlığa qəbul olunub. Vətəndaşlığı olmayan 157 şəxsin müraciəti isə hazırda Xidmət tərəfindən icra olunmaqdadır.

F. Nəbiyev qeyd edib ki, bu müddət ərzində 18254 şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar müvafiq dövlət qurumları tərəfindən şəxsiyyət vəsiqələri ilə təmin edilib.

Xidmət rəisi həmçinin bildirib ki, 2015-ci ilin birinci rübü ərzində Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan ərazisində qeyri-qanuni yaşayan 759 şəxs aşkar olunub. Onun sözlərinə görə, həmin şəxslərin bir qisminin xarici dövlətin vətəndaşı olması nəzərə alınaraq, respublika ərazisində yaşamalarının qanuniləşdirilməsi istiqamətində tədbirlər görülür. Digər qisminin isə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi məqsədilə ehtimal olunan dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəliklərinə müvafiq sorğular göndərilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri