ANS aparıcısını efirdən uzaqlaşdırdı, veriliş bağlandı

Tanınmış aparıcı Elnarə Təhməzovanın verilişinin birində səsləndirdiyi və cəmiyyətdə birmənalı qarşılanmayan fikirlər ətrafında qalmaqal davam etməkdədir. Daxil olan müraciətlər əsasında ANS-in Yaradıcılıq Şurası bu məsələni tam obyektiv şəraitdə araşdırmağa başlayıb, aparıcı Elnarə Təhməzovanı efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar verib.

Bu barədə Live.az ANS-ə istinadən məlumat verir.

ANS MYMŞ-nin baş direktoru Mirşahin Ağayev deyib: “Hesab edirik ki, efirdə elə fikirlər səslənib ki, bu doğrudan da həssas tamaşaçının hissiyyatına toxuna, ən azı, onları narahat edə bilərdi. Aparıcının fikirlərinə görə kanal rəhbərliyinin məsuliyyət daşıdığını biz dəfələrlə elan etmişik və bir daha bildiririk. Fərqi yoxdur, aparıcı nəyi demək istəyirdi, necə alınıb, fakt artıq ortadadır, tamaşaçı hissiyyatına toxunulub və ANS rəhbərliyi olaraq, biz tamaşaçılardan üzr istəyirik”.

Aparıcı özü isə bildirib: “Mən başa düşdüm ki, səhvim var və ifadələrimdə ehtiyatsız olmuşam, bir şey demək istəmişəm, başqa cür alınıb. Hər halda çox sevdiyim, həmişə hörmətlə yanaşdığım tamaşaçımı incitmişəm, məni bağışlasınlar, onlardan və pis vəziyyətə saldığım telekanaldan üzr istəyirəm”.

Bununla da aparıcı və tamaşaçı arasında yaranmış gərginliyin aradan qalxdığını güman etmək olar. Hər bir kəs öz məsuliyyətini və buraxdığı səhvi anlamalı və nəticə çıxarmalıdır. Unutmayaq ki, qanunlar və dəyərlər qarşısında hamı bərabərdir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53