Azərbaycan prezidenti: “Bütün böyük tədbirlər bu faciə qarşısında heçə bərabərdir”

Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın zamanı zərərçəkənlərin hər birinin yerləşdirilməsi məsələsi həllini tapıb.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı komissiyanın sədri, baş nazirin müavini Abid Şərifov deyib.

“Əlavə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatında iki kottec, 18 otaq hazırlanıb. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Goradildəki pansionatında 10 kottec də hazır vəziyyətə gətirilib”, - deyə A. Şərifov qeyd edib.

A. Şərifov qeyd edib ki, hadisə zamanı dünyasını dəyişənlərin dəfn olunması ilə əlaqədar komissiya tərəfindən lazımi tədbirlər görülüb: “Bu məsələdən irəli gələn tədbirlər dövlət hesabına görüləcək”.

O, əlavə edib ki, hadisə nəticəsində xəsarət alanların hər biri Səhiyyə Nazirliyinin nəzarətinə götürülüb.

Baş nazirin müavini deyib ki, yanğın baş verən binanın durumu ilə komissiyanın ekspertləri araşdırma aparır və iki gün ərzində nəticələr ölkə başçısına məruzə olunacaq.

A. Şərifov qeyd edib ki, komissiyanın qərarı ilə tezalışan fasad örtükləri olan binalarda işıqlandırma dayandırılıb.

“Bu cür fasad örtüyü olan binalar Bakı şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və “Azərişıq” ASC-nin nəzarətinə götürüləcək. Əgər icazəniz olarsa, bu cür binaların örtüklərinin sökülməsinə Avropa Oyunlarına qədər başlamayaq. Çünki Avropa Oyunlarına 20 gündən artıq vaxt qalıb və bu cür binalarda örtükləri bu müddət ərzində söküb yenisi ilə əvəz etmək mümkün olmayacaq”, - deyə baş nazirin müavini bildirib.

A. Şərifovun bu təklifinə cavab olaraq prezident İlham Əliyev bunu deyib: “Bunun Avropa Oyunları ilə heç bir əlaqəsi yoxdur. Söküb, bərpa etməmək də olar. Avropa Oyunları və başqa böyük tədbirlər bu cür faciə qarşısında heçə bərabərdir. Bu cür üzlüklərlə üzlənən binalardan dərhal nümunələr götürülməlidir. Əgər orada təhlükə varsa, oda davamlı deyilsə, dərhal sökülməlidir. Bunu maksimum 1-2 həftəyə etmək olar”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri