Səhiyyə Nazirliyi Bakıda yaşayış binasındakı yanğında ölənlər və xəsarət alanlar barədə rəsmi məlumat yaydı

Trend Səhiyyə Nazirliyinin saytına istinadən rəsmi məlumatı təqdim edir: "Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 170 ünvanındakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar xəstəxanalarda yerləşdirilən yaralıların həyati təhlükəsi yoxdur.

Ən son məlumatlara əsasən, 50 nəfər yaralı artıq təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Əvvəlcədən yaralıların qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib.

Hazırda yaralıların əksəriyyəti 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində toksiki zəhərlənmə diaqnozu ilə yerləşdirilib. Digər yaralılar Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı BŞX-yə və Yanıq şöbəsinə yerləşdiriliblər.

10 nəfərə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

Hazırda səhiyyə nazirinin müavinləri xəstəxanalardadır, yaralıların hazırkı vəziyyəti ilə şəxsən tanış olur və lazımi göstərişlər verirlər.

Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 təcili və təxirəsalınmaz tibbi yardım briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqada hazır vəziyyətdə hadisə yerində qalır".
Şərhlər
Hadisə bölməsinin xəbərləri